İmişlidə törədilən qətllə bağlı yeni təfərrüat məlum olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, öldürülən Zaur Əzizov sərbəst güləşçi Emin Əzizovun qardaşıdır.

E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.

Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.

***10:16

İmişli rayonunda qətl hadisəsi törədilib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində "QAZ-3110" markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri avtomobilin İmişli şəhər sakini 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.

İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisələri yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib. Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Cəsəd hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib. 

Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.