Müğənni Şəbnəm Tovuzlu idarə etdiyi dəbdəbəli “Mercedes-Benz Gelandewagen” markalı avtomobillə kobud qayda pozuntusuna yol verib.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, məşhur sükan arxasında əyləşərək, mahnı ifa edib və həmin anları telefonunun yaddaşına həkk edib.
Həmin görüntüləri şəxsi “İnstagram” hesabında izləyiciləri ilə paylaşan sənətçi sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib.
Bundan savayı Şəbnəm təhlükəsizlik kəmərindən də istifadə etməyib.
Bir çox avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün ifaçı təhlükəsizlik kəmərini oturacağın arxa hissəsinə keçirib.
Sənətçi qalmaqallı məsələyə bu cür şərh edib:
“Sükan arxasında əyləşən zaman fikirli olmuşam. Kəməri məhz bu səbəbdən taxmağı unutmuşam. Qanunlara hər zaman əməl edirəm. Hər bir Azərbaycan vətəndaşı üçün qanunlar hər şeydən vacib, önəmlidir. Bundan sonra avtomobil idarə etdiyim zamanı daha diqqətli olacağam”.
Qeyd edək ki, müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində “avtoşluq” ediblər. Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar.
Daha sonra isə ağ rəngli “Mercedes-Benz Gelandewagen” avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub.
Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Bəziləri onları “görməmiş” adlandırıb, bəziləri isə “yolda meymunluq edirlər” kimi şərhlərlə sərt şəkildə qınayıb.