Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində müəllim tərəfindən azyaşlıya edilən zorakılığın videosu yayılıb. 

Unikal.org xəbər verir ki, sözügedən görüntülər Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində lentə alınıb. Videoda göründüyü kimi,  müəllim uşağı səhv etdiyinə görə qınayır və daha sonra onun başına bir neçə dəfə vurur.

Hələlik yayılan video kadrlara rəsmi reaksiya yoxdur.

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

O bildirir ki, uşaq evində onun övladına təzyiqlər göstərildiyi üçün bu Mirəlinin dərslərinə də təsir edir:

“Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.

Ə. Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyamıza göndərib. Kadrlarda uşaq evindəki qızların M. Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

Qeyd etmək lazımdır ki, bu, Bakıdakı uşaq evlərindəki uşaqlara qarşı ilk zorakılıq hadisəsi deyil. Bundan əvvəl media və sosial şəbəkə istifadəçiləri paytaxtdakı uşaq evlərində uşaqlara qarşı zorakılıq halları barədə dəfələrlə məlumat vermişdilər.