Azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək 2019-cu ildə 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib. 

Unikal.org xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.

2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 886-ı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb.

İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.