Xızı sakininin evindən döyüş sursatları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Belə ki, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronlar, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.