Sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb.
Bu barədə Unikal.org-a Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşaiyət olunan “Mersedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər:
"Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər".