Ötən il oktyabrın 9-da 17 yaşlı Solmaz Abdullayevanı piyada xəttində avtomobillə vuran keçmiş yol polisi Azad Ağayevin cinayət işi üzrə istintaq yekunlaşıb.
Unikal.org xəbər verir ki, “Qafqazinfo” Şamaxı yolundakı hadisənin başvermə anı və qəzadan sonrakı videogörüntüləri əldə edib.
S.Abdullayevanın anası Almaz Bağırova saytımıza bildirib ki, A.Ağayev avtomobili yüksək sürətlə idarə edib: “Qızımı necə vurubsa, onu 10 metr yuxarı, 23 metr qabağa tullayıb və Solmazın başı betona dəyib, beyni yola tökülüb. Azad yerə düşən kimi tez öz maşınının əzilib-əzilmədiyinə baxıb. Sonra da oturub getmək istəyəndə ətrafdakı adamlar qoymayıblar. Onların tələbi ilə xəstəxanaya aparanda yolda ölüb. İndi məhkəmələri də qapalı edirlər, bizi buraxmırlar. Qızı ölən ananı məhkəməyə buraxmırlar, dəhlizdə oturmağa belə qoymurlar. Amma mənim gözümün qabağında Azadı öz anası ilə qanunsuz olaraq gizli görüşdürürlər. Azadın anası öz balasını görmək istəyirsə, mən də öz balamı görmək istəyirəm. İndidən Azada belə güzəştlər edirlərsə, işin sonunda yəqin ki, açıb buraxacaqlar. Hadisədən sonra da istintaq onu tutmamışdı, 10 gün azadlıqda gəzdi. Biz 102-yə şikayət edəndən sonra tutdular. Buna görə də bu işin ictimailəşməsinin, məhkəmə prosesinə nəzarətin güclənməsini istəyirik ki, sonda ədalətli qərar çıxarılsın”.
Cinayət işi materiallarından aydın olur ki, Azad Ağayev Yol-Patrul Xidməti Alayının 3-cü tağımının inspektoru işləyib. Rəsmi sənədlərə görə, hadisədən bir gün öncə, oktyabrın 9-da təqaüdə göndərilib. Lakin hadisə yerindən çəkilən videoda onun həmin vaxt yol polisi uniformasında olduğu görünür.
A.Ağayev istintaqa ifadəsində bunu belə izah edib ki, iş yoldaşları ilə vidalaşmaq üçün simvolik olaraq forma geyinib və həmin zaman da Şamaxıya həmkarları ilə təqaüdə çıxmasını qeyd etmək üçün gedib.
Hadisənin necə baş verdiyi barədə danışan A.Ağayev bildirib ki, 60 km/saat sürətlə hərəkətdə olarkən piyada zolağına çatanda sağ tərəfdən bir qadın qaçaraq onun qarşısına çıxıb: “Ayağımı əyləcə basmaq istədim, amma məsafə çox az idi deyə heç nə edə bilmədim, maşın artıq piyadaya dəydi. Qız kapotun üstünə düşdü, maşın bir neçə metrdən sonra dayandı. Piyada beton zolaqda asfaltın üstünə düşdü. Avtomobildə tək idim, çıxıb piyadaya yaxınlaşdım, şokda idim. Qız tərpənmirdi, orada toplaşan adamlara təcili yardım çağırtdırdım. Amma gec gəldiyini görüb öz maşınımla xəstəxanaya apardım. Təcili yardımda dedilər ki, qız artıq vəfat edib. Mən meyiti öz maşınımda meyitxanaya apardım. Piyada xəttinə yaxınlaşanda sağ tərəfimdə qabaqda başqa bir maşın da gedirdi, piyada xəttində isə adam yox idi. Piyada iti sürətlə qaçıb ani olaraq qarşıma çıxdı, ona görə heç nə edə bilmədim”.
İstintaq bu qənaətə gəlib ki, Azad Ağayev “Yol hərəkəti haqqında” qanunun 54-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub. Qanunun bu tələbinə görə, piyada keçidi işıqforla nizamlanmırsa, sürücü piyada xəttinə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadalara təhlükə yaratmasın, əgər piyada keçidə daxil olmaqdadırsa, avtomobili dayandıraraq ona yol versin. Belə ki, A.Ağayev hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib.