Xəbər verdiyimiz kimi, Rusiyadan İstanbula gələn, müxtəlif cinayətlərdə adları hallanan 8 nəfər azərbaycanlı silahlı dəstə saxlanılıb.
Unikal.org-un məlumatına görə, Türkiyədə İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müddətli axtarışlardan sonra dəstə üzvlərinə qarşı bu gün səhər saatlarında genişmiqyaslı əməliyyat təşkil edilib. Bir neçə ünvanda aparılan əməliyyat zamanı ümumilikdə 16 nəfər saxlanılıb. Saxlanılanlardan 8-i Azərbaycan vətəndaşı olub.
Polis onların İstanbulda hansı cinayəti törətmək planını da açıqlayıb. Açıqlamada deyilir ki, saxlanılandan 1-i Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan, 8-i isə Azərbaycan vətəndaşı İstanbulda rus mafiyaları arasında silahlı insidentə hazırlaşırmışlar. Həmin plandan xəbər tutan hüquq-mühafizə orqanları dərhal dəstə üzvlərini zərərsizləşdirmək üçün əməliyyat keçiriblər.
Saxlanılan mafiya üzvlərinin azərbaycanlı "qanuni oğru" Lotu Quli ləqəbli Nadir Səlifov və 2016-cı il 18 avqust tarixində İstanbulda qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin (Canıyevin) adamları olduğu deyilir.
Qeyd edək ki, dəstə üzvlərindən 11 tapança, tüfəng və 222 güllə ələ keçirilib.