Yeni Azərbaycan Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülmüş Mahir Abbaszadə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Bərdədə keçirib. Məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirilən görüşdə Laçın rayonundan olan seçicilər iştirak edib.
Unikal.org-un məlumatına görə, Mahir Abbaszadə bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Bu kateqoriyadan olan insanların mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Görüşdə çıxış edən təbliğat-təşviqat kampaniyasının iştirakçıları Mahir Abbaszadənin ötən illər ərzində olan deputatlıq fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, deputat hər zaman seçicisinin yanında olub və onları parlamentdə layiqincə təmsil edib.
Deputatlığa namizəd növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, ötən illərdə olduğu kimi Laçın əhalisinin problemlərinin həllinə çalışacağını, parlamentin işində fəal iştirak edəcəyini deyib.
Görüşdə çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək hakim partiyanın namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.