Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Könüllü Qida Nəzarətçisi” proqramına cəlb edilən könüllülər üçün təlimlərə start verilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) keçirilən tədbirdə könüllülərə AQTA-nın fəaliyyət istiqamətləri və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə növbəti dəstəyini ehtiva edir.
Daha sonra ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, könüllülük anlayışı, “Könüllü Qida Nəzarətçisi” proqramının məqsədi, bu fəaliyyətin gənclərin peşəkar inkişafında rolu, proqrama qoşulan gənclərin görəcəyi işlər diqqətə çatdırılıb.
Tələbələrin könüllülük proqramına cəlb edilmələrinin onların bilikli və bacarıqlı kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.
Tədbirdə AQTİ mütəxəssisləri tərəfindən könüllülərə qida zəncirinin nəzarət nöqtələri, istehsalçıların məsuliyyəti, risklərin qiymətləndirilməsi və idarə edilməsi, şəffaflıq, ictimaiyyətin qida təhlükəsizliyi istiqamətində dəqiq və dolğun məlumat almasının təmin olunması və s. mövzularda məlumatlar verilib.
Təlimdə könüllüləri maraqlandıran suallar cavablandırılıb, təqdimatlar edilib.
Təlim 2 gün davam edəcək.