Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Qırğızıstan Respublikasında Regional Təlim Mərkəzinin Departament rəhbəri Narıngül Taqaynəzər qızı Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.
Unikal.org xəbər verir ki, Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov Akademiyanın yaranma tarixi və fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığı və əlavə təhsil proqramları haqqında qonağa geniş məlumat verib. Akademiyanın beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu vurğulayıb.
Qonaq təmsil etdiyi qurum haqqında geniş məlumat verərək, Akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Akademiyanın maddi-texniki bazasını və təhsil infrastrukturunu yüksək qiymətləndirərək mütəxəssis hazırlığı, bakalavriat, magistratura səviyyələrində və Qırğızıstan gömrük işçiləri üçün ixtisasartırma və yenidənhazırlama kurslarının təşkili üçün təkliflər hazırlamaq niyyətində olduğunu bildirib.
Görüşdə, əlaqələrin genişləndirilməsi, əməkdaşların peşə biliyinin artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.