Füzuli Ələkbərovun nazirliyində həbslərdə fasilə
14:11 06-11-2012
CƏMİYYƏT
Füzuli Ələkbərovun
nazirliyində həbslərdə fasilə
Əmək və əhalinin sosial müdafiəsi
naziri üçün təhlükə sovuşmayıb
Təxminən iki ay əvvələdək az qala elə həftə, ay yox idi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansısa vəzifəli işçisinin həbsi barədə xəbər almayaq. Vəziyyət həqiqətən acınacaqlı idi - əlbəttə, ilk növbədə də nazir Füzuli Ələkbərov üçün.
Korrupsiyaya qarşı mübarizə qurumları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon, şəhər şöbələrində aparılan həbslər bir-birini əvəz edir; korrupsiyaya qarşı mübarizə kampaniyasına start verilən dövrdən bəri Füzuli Ələkbərovun mütəmadi olaraq işçiləri rüşvət alarkən yaxalanır, onların çoxlu sayda korrupsiya cinayətləri barədə üzə çıxan məlumatlar qəzet səhifələrini, televiziya ekranlarını bəzəyirdi. Azərbaycanın əksər dövlət qurumlarında korrupsiyanın geniş yayılması inkarolunmaz faktdır. Amma maraqlıdır, bu cür həbslər ardıcıl şəkildə yalnız Ələkbərovun nazirliyində aparılır, yalnız onun işçiləri hədəfə çevrilirdi.
Mətbuat isə məhz bu məqamdan çıxış edərək yazırdı ki, bu həbslər əslində korrupsiyaya qarşı mübarizə yox, Füzuli Ələkbərovun “vurulması”na hesablanmış bir kampaniyadr. İddialarda vurğulanırdı ki, həbs olunan şəxslərdən nazirin əleyhinə ifadələr alınır. Onsuz da dövlət strukturlarında hansısa məmur özünəməxsus gəlir mənbəyi yarada bilməz. Əsas prinsip belədir; hamı oğurluqda iştirak etməli və pay almalıdır. Bu baxımdan, istənilən məhbusun həbs olunması onun həmkarlarını da zərbə altında qoyur.
Başqa versiyalara görə isə Füzuli Ələkbərovun “vurulması” hakimiyyət daxilində onunla rəqabətdə olan məmurların qələbəsi ilə yanaşı, həm də hökumətin “korrupsiya ilə mübarizə kampaniyasına” ictimai əhəmiyyətlilik də gətirə bilərdi. Burada məqsəd həm də “korrupsiya ilə mübarizə nazirlərdən də yan keçmir” fikirini ictimai rəyə yeritmək də ola bilərdi.
Amma istənilən halda məhz Ələkbərovun nazirliyinin hədəfə gəlməsi maraq doğurmaya bilməzdi və prosesin nazirin özünün “vurulması” ilə yekunlaşacağı ehtimalı yüksək idi.
Təxminən iki aya yaxındır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həbslərin səngidiyi müşahidə olunur. Bəs görəsən bu, Füzuli Ələkbərov üçün təhlükənin sovuşduğu anlamına gələ bilərmi?
Bu sualla müraciət etdiyimiz adının çəkilməsini istəməyən ekspert hesab edir ki, adıçəkilən nazirə qarşı “vurulma” kampaniyasının ilk mərhələsi başa çatıb və bu mərhələdə planlanan hədəfə çatmağa nail olunub: “Artıq Ələkbərovun nazirliyinin adı ətrafında ölkənin ən “korrupsiyalaşmış dövlət qurumu” obrazı yaradılıb. Yəni bundan sonra hər hansı bir gün Füzuli Ələkbərov görəvindən alınsa, bu, heç kimi təəccübləndirməyəcək. İctimai rəy onun postundan alınmasına tamamilə hazırdır”.
Ekspert hesab edir ki, nazirin özünün də görəvdən alındıqdan sonra siyasi anlamda dinc dayanması üçün zəmin hazırlanıb: “Əminliklə demək olar ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin həbs edilən işçilərindən nazirliyin iş prinsipləri və şəxsən Füzuli Ələkbərovun həmin “iş prinsiplərinin” qalmasında hansı maraqlarının olduğu barədə yetərincə bilgi, kompromat toplanıb. Əgər əmək və əhalinin sosial müdafiəsi naziri işdən azad edilərsə, həmin kompromatlar dosye şəklində diqqətinə çatdırılacaq və postundan getdikdən sonra “siyasi ÇP-lər” buraxmaması ilə bağlı xəbərdarlıq ediləcək, əks halda - xəbərdarlığa uymayacağı təqdirdə həmin kompromatlardan ona qarşı istifadə olunacağı nazirin diqqətinə çatdırılacaq”.
Həmsöhbətimizin başqa bir versiyası da var. O istisna etmir ki, həbslərin səngiməsi iqtidar içindəki rəqiblərinin əmək və əhalinin sosial müdafiəsi nazirinə qarşı hücumlarda pauza götürməsi, fasilə elan etməsi ilə bağlıdır: “Tamamilə realdır ki, analoji “ifşa tədbirləri” yenidən işəsalınsın, basqılar davam etdirilsin və bu, yeni həbsləri də özü ilə bərabər gətirsin. Əgər yenidən belə bir dalğa başlayarsa, bu dəfə prosesin əmək və əhalinin sosial müdafiəsi nazirinin “vurulacağı” günədək davam edəcəyini istisna eləmirəm”.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12