Fevralın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.
Unikal.org xəbər verir ki, komitə sədri bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə atılacaq bütün addımlar üzv ölkələrlə yanaşı, regionun da tərəqqisinə öz töhfəsini verəcəkdir.
Səfər Mehdiyev son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edərək qeyd edib ki, tətbiq edilən yeniliklər nəticəsində daha çevik və dinamik struktur formalaşıb. Şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verən Komitə sədri vurğulayıb ki, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsi hesabına beynəlxalq ticarət və tranzit sürətləndirilib, ölkənin ixrac potensialı artıb.
O da vurğulanıb ki, təşkilat çərçivəsində həyata keçirilən Ticarətə və Nəqliyyata Yardım layihəsi GUAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsinə münbit şərait yaradıb. Lakin DGK sədri bildirib ki, tranzit potensialının daha da gücləndirilməsinə maneə törədən texniki problemlər bəzi üzv ölkələr tərəfindən dərhal aradan qaldırılmalıdır.
Eyni zamanda, Komitə sədri GUAM üzv dövlətləri arasında blokçeyn texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycanın üzv dövlətlər arasında bütün sahələrdə əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. Altay Əfəndiyev təşkilat çərçivəsində həyata keçirilən layihələrin üzv dövlətlər arasinda məlumat mübadiləsinin gücləndirilməsinə, ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, tranzitin inkişafına şərait yaratdığını, gömrük orqanlarının da bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.