Gömrük əməkdaşları külli miqdarda narkotik vasitə-kokain, psixotrop və güclü təsir edən maddələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
Unikal.org xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamran Quliyev nəzarətə götürülüb.
Onun çamadanı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Təkrar yoxlama zamanı çamadanda iki ədəd "Nestle Nesquik" paketlərinə yerləşdirilmiş 6800 ədəd ağ-qəhvəyi rəngli kapsul, eləcə də 3185 ədəd müxtəlif rəngli həblər, bir bükümdə isə təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristal şəklində maddə aşkar edilib. Bundan başqa, çamadanda olan piano oyuncağının içərisindəki iki bükümdən də təmiz çəkisi 394,086 qram təşkil edən ağ rəngli toz şəklində maddə aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 6800 ədəd ağ-qəhvəyi rəngli kapsullardakı ağ maddə preqabalin tərkibli dərman preparatıdır və preqabalinin ümumi miqdarı 2040 qram təşkil edir.
3185 ədəd müxtəlif rəngli həblərin isə metilendioksimetamfetamin (MDMA, ekstazi) tərkibli olduğu müəyyən edilib və metilendioksimetamfetaminin ümumi miqdarı 691,83 qram təşkil edir.
Təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristal şəkilli maddənin kustar üsulla hazırlanan metamfetamin, təmiz çəkisi 394,086 qram təşkil edən ağ rəngli toz şəkilli maddənin isə kustar üsulla hazırlanan kokain olduğu aşkara çıxarılıb.
Xatırladaq ki, kokain "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin I Siyahısı"na, metamfetamin və metilendioksimetamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.