Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.
Unikal.org-un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
MSK katibi bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini istəyib:
“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
İclasda həmin dairənin 1 seçki məntəqəsi ( 8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.