Fevralın 20-də Bakının Ramanı qəsəbəsindəki Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Unutsaq, unudularıq” adlı tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə məktəbin direktoru Şəlalə Nadirova, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, idmançılar, veteranlar, Xocalı sakinləri və digərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Ş.Nadirova Xocalı soyqırımı haqqında məlumat verib, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.
Sonra tədbirin bədii hissəsi başlayıb. Şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub. Sonra yeniyetmə kikboksçular nümunəvi çıxışlar ediblər.
Daha sonra deputatlar, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti A.Əliyev, D.Cəbrayılova və digərləri çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin əsrlərlə xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qanlı səhifəsi olduğunu vurğulayıblar.
Xocalı soyqırımının şahidi Murad Məhərrəmov dövlətimiz tərəfindən uşaqlarımızın kiçik yaşlarından vətənpərvər ruhda böyüdülməsi üçün böyük işlər görüldüyünü bildirib.
Çıxış edənlər bu qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılır.
Qeyd edək ki, “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına dəstək məqsədilə 198 nömrəli tam orta məktəbdə anım tədbiri hər il təşkil olunur.