Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması işləri davam etdirilir.

Unikal.org-un məlumatına görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq: "Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcəksiniz. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq.

Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".