Tədbirdə universitetin rektoru İlham Mədətov Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olduğunu deyib. 28 il əvvəl baş verənlərin detallı şərhində diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və rus hərbi birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində amansız şəkildə həlak olan 613 nəfərdən 63-ü uşaq, 106-ı qadın,70-i qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirib. Faciə törədilən gecə, o cümlədən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb.
Unikal.org xəbər verir ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib.. Dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Bu ərəfədə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif anım və tanıtım tədbirləri keçirilir.
Rektor İ.Mədətov Xocalı faciəsinin xalqımıza qarşı XX yüzillikdə apardıqları yeganə etnik təmizləmə və soyqırımı siyasəti olmadığını faktlarla isbatlayıb. İnsanlığa qarşı törədilən cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib. Tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən elmi kütləvi və bədii əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.