Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Arzu və Murad” tamaşası nümayiş olunub.
Unikal.org xəbər verir ki, UNEC-in yaradıcı və istedadlı tələbələrinin rol aldığı tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub. Səhnə əsərinin premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu rejissoru isə Vahid Orucoğlu olan tamaşada rolları UNEC Tələbə Teatrının üzvləri Yasin Əhmədov, Heyran Mehdiyeva, İlham Quliyev, Aslan Əzimzadə, Rəşad Aslanov, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı canlandırıblar. Tamaşada Xocalı faciəsinin 2 gəncin həyatına vurduğu ağır mənəvi zərbələrdən, yaşatdığı acılardan bəhs olunub. Gərgin dram və faciənin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı UNEC-də, eləcə də universitetin Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər keçirilib, rəsm sərgisi təşkil edilib. UNEC-in əsas tədris binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan "Xatirə ağacı" ziyarət olunub.