“Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından çox məbləğdə ziyan vurulub”.
Unikal.org xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, təkcə Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7 500-ə yaxın prosessual hərəkətlər aparılıb, 1 800-dən çoxu şahid və 2 700-dən çoxu zərərçəkmiş qismində olmaqla 4 500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib, digər istintaq hərəkətləri icra olunub
Hərbi prokuror qeyd edib ki, tarix boyu, o cümlədən ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.
Qeyd edək ki, Hərbi Prokurorluğun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Xocalı Soyqırımını Tanıtma ictimai birliklərinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.