Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Masallıda baş verən güllələnmə ilə bağlı birgə məlumat yayıb.
Unikal.org-a daxil olan birgə məlumatda bildirilir ki, fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü Sərvan Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyeva, qaynanası Zemfira Nəbiyeva və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralim hadisə yerində ölmüş, Zenfira Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, hadisə yerindən təxminən 2 km kənarda isə Sərvan Ağayev odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilərək rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılmışdır.
Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinmiş ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülmüş, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.