"Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Əslində, bu gün biz artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi barədə danışırıq. Həmçinin demək istərdim ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” Azərbaycanın yeganə böyük sərvəti deyil. Baxmayaraq ki, onlar həqiqətən də böyük sərvətdir. Çünki Azərbaycanın və BP-nin müqavilənin müddətinin 2024-ci ildən 2050-ci ilə qədər uzadılması ilə bağlı müqaviləni imzalaması faktı onu göstərir ki, “Azəri-Çıraq-Günəşli”nin potensialı həqiqətən də böyükdür. Əgər əvvəllər yatağın neft potensialını 500 milyon ton ehtimal edirdiksə, hazırda bu, 1 milyard tondan qat-qat çoxdur. Əminəm, yeni texnologiyalar imkan verəcək ki, biz daha çox neft hasil edə bilək".
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.
Dövlət başçısı bildirib: "Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq. Bu gün ənənəvi tərəfdaşlarımızla, - “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır. Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı. Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq. SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur. Hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur. “Equinor”la birlikdə biz “Qarabağ yatağı” üzərində çalışırıq. Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır. Beləliklə, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir. Üstəgəl, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir. Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir.
Biz, həmçinin sərvətlərin ədalətli bölgüsü üzərində fəal işləyirdik. Çünki neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərq çox yüksəkdir. Ona görə də bizim əsas məqsədimiz dediyimiz kimi, nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub. Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib. Bu müddət ərzində bizim iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu, dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik".