Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda həyata keçirilən tədbir zamanı əvvəlcə Fizuli Qarayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,311 qram narkotik vasitə heroin aşkar olunub.
F.Qarayev ifadəsində heroini tanışı Nizami rayonunda yaşayan Vahib adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs - Füzuli rayon sakini Vahib Novruzov da tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 23,625 qram heroin aşkar edilib. V. Novruzov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Gündüz Rəsulovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilən tədbir zamanı Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Rəsulov da tutularaq istintaqa təqdim edilib.
Saxlanılan zaman onun üzərindən 250,42 qram heroin və 1,974 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, paytaxtın Nizami rayonunda yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı G.Rəsulovun sosial şəbəkə hesablarında paylaşdığı məlumatlar əsasında onun cinayət törətməyə meyilli şəxs olduğu məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.