Cari ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb.

Unikal.org xəbər verir ki, tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə keçirilir. 

Konfransı girişda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da  kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. “Bu gün ölkəmizdə rəqəmli transformasiya sürətlə gedir. Bu sahə ölkə başçısının diqqət mərkəzindədir. Qəbul olunmuş Milli strategiya, Strateji yol xəritəsi, müvafiq fərman və sərəncamların icrası bu istiqamətdə əhəmiyyətli nəticələr əldə olunmasını təmin edir. Fiber-optik, LTE şəbəkəsi genişlənir. “5G”-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Ölkədə bir çox kritik informasiya infrastrukturları fəaliyyət göstərir. Dövlət idarəetməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, bank-maliyyə və başqa sahələrdə ölkə əhəmiyyətli informasiya sistemləri istifadə olunur. Data mərkəzlər fəaliyyət göstərir, “Hökumət Buludu”  yaradılır”, - deyə nazir müavini qeyd edib.  

Tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənilir. “Kritik infrastrukturun kibertəhlükəsizliyi”, “Sənaye və bank sistemlərinin pentesti”, “Ağıllı şəhərlərin kibertəhlükəsizliyi”, “Kiberstartaplara investisiya qoyuluşu”, “Müasir iş yerlərinin kibertəhlükəsizliyi”, “Kibersığorta”, “Elektron ticarətdə kibertəhlükəsizlik” və digər önəmli mövzular bu sırada yer alacaq.

“Kibertəlükəsizlik konfransı” və “Cyber Village” günün sonunadək davam edəcək.