Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən xəbərə görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov və Şamaxı rayon sakini Natiq Mehdiyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə saxlanılıb və onlardan 2 kiloqram 810 qram psixatrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərdən A.Rüstəmov qeyd olunan psixatrop maddə və narkotik vasitəni İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə ölkə ərazisinə gətirtdiyini və hazırda Bakı şəhərində yaşayan Cəlilabad sakini, “Baron Seyid” ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Bakı şəhər, Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.