“Bir neçə saatdan sonra Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, şahmat termini ilə desək, Bəşər Əsədlə "qalaqurma" edən Rusiya prezidenti Vladimir Putin arasında "İdlib zirvəsi" çərçivəsində görüş keçiriləcək”.

Bu fikirləri Unikal.org-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib. O qeyd edib ki, Türkiyə tərəfinin mövqeyi bəllidir və Ərdoğan Putinlə görüşə əsasən iki təkliflə gedir: “Birinci təklif odur ki, kənara çəkil, B.Əsədlə bizi baş-başa burax ki, Suriyada axan qanlar dayansın. Ən azı azalsın. İkincisi, Soçi razılaşmasına əməl etməklə, çətir altında qoruduğun Bəşər Əsəd rejimini sahədən geri çək. Bunun üçün Türkiyə prezidenti böyük ehtimalla rusiyalı həmkarını inandırmağa çalışacaq ki, əgər bu iki variantdan birini seçib əməl etməsən, məsələ daha da böyüyəcək. Belə ki, son illərdə əldə etdiyimiz, iqtisadi, siyasi, mədəni sahədəki uğurlu əməkdaşlığa son veriləcək. Hətta, Rusiya Türkiyəni itirə bilər. Əlbəttə, Putin Türkiyə ilə münasibətlərin pisləşməsinin Rusiya üçün, xüsusən də belə bir məqamda lazımsız və zərərli olduğunu anlayır.Eyni zamanda, Suriyada baş verən hadisələrin gedişatını, orda olan dövlətlərin xüsusən də Rusiyanın var olma səbəbinin lazımlılığını nəzərə alan Kreml rəhbəri , B.Əsədi xərcləmək  niyyəti yoxdur”.

Politoloq onu da qeyd edib ki, Əsədlə birgə hərəkət etmək Rusiyanın həm geostrateji, həm də geosiyasi  baxımdan maraqlarına uyğun gəlir. Onun fikrincə, Əsədlə addımlamaq Suriya sahəsində Rusiyaya yenidən güc qazandırmaq və beynəlxalq platformada "biz olmadan heç bir konflikt" həll edilə bilməz demək üçün lazımdır:

“Hazırkı məqamda Rusiya beynəlxalq platformada əsas rəqibi sayılan ABŞ-ın Orta və Yaxın Şərqdəki mövcud nüfuzunu azaltmaqla, həm də  dünyada yaranmış birqütblü boşluğu doldurmaq istəyir.  Hansı ki, Putin 2007 ci ildə 43-cü Münhen Təhlükəsizlik Konfransında dediyi; "Yeni dünya sisteminin təkqütblü olması qəbul edilməzdi" fikrini demişdir. Bu gün isə rus lideri 13 il əvvəl dediyi fikiri real siyasətə çevirmək üçün Əsəd rejimi ilə rasional maraqlar çərçivəsində hərəkət etməyin lazım olduğunu qəbul edir və bu konsepsiyanı Suriya üzərindən gerçəkləşdirmək istəyir. Hazırkı məqamda Rusiyanın Suriya sahəsində "əl-qolunu" rahat şəkildə sallayaraq hərəkət etməsi baxımından Əsəd  Putin üçün önəmli kartdır.

"İdlib Zirvəsindən" çıxan nəticə isə böyük ehtimalla siyasi atəşkəsin əldə edilməsi olacaq ki, bunun da davamlı olacağı şübhə doğurur. Çünki, son hadisələr bir daha Rusiyanın ipi ilə quyuya düşməyin intihara bərabər olduğunu göstərdi. Bu baxımdan əldə ediləcək istənilən  atəşkəs razılaşmasının uzunmüddətli olmayacağı, əksinə, bir müddətdən sonra yenidən hərbi qarşıdurmalara keçə biləcəyi ehtimalını güclü formada qoruyur.  Ona görə də Ankara perspektivdə təkcə  Astana danşıqları çərçivəsində, Soçi anlaşmasına görə Türkiyə-Rusiya ilə birgə Suriyada təhlükəsizlik zonasında nəzarəti həyata keçirmək haqqında deyil, həm də  öz təhlükəsizliyini qorumaq üçün düşünülmüş tədbirlər həyata keçirmək məcburiyyətində olmalıdır. Əks halda, yenidən əsgər itkisi ilə qarşı-qarşıya qala bilər”.