Ötən ilin dekabr ayında Almaniyaya gedən Əsədovlar ailəsinin Azərbaycana deportasiya edilməsi üçün bütün prosedurlar yekunlaşıb.
Unikal.org xəbər verir ki, buna səbəb azərbaycanlı ailənin Macarıstana aid saxta viza ilə ölkəyə səyahət etməsidir.
Məlumatda bildirilir ki, Əsədovlar ailəsi - 30 yaşlı Nuray Əsədova, qardaşı Hüseyn, anası Rada, qayınanası Rəhilə, uşaqları - Rada və Atilla ilə Macarıstan və Çexiyadan keçməklə Almaniyaya daxil olublar.
Onların səyahət etdiyi avtomobil Pirna şəhərində polislər tərəfindən saxlanılıb.
Ailə üzvləri Almaniyaya turist kimi gəzməyə gəldiklərini söyləyib. Ancaq Əsədovlar ailəsinin vizalarının Macarıstan və Çexiya miqrasiya idarələrinə sorğusu zamanı onların saxta olduqları məlum olub. Bundan sonra polis ailəni Hannover şəhərinə aparıb. Daha sonra Əsədovlar ailəsi qaçqın statusu üçün müraciət ediblər. Lakin sonradan könüllü olaraq Azərbaycana qayıtmaq istədiklərini bildiriblər.
Ailə Azərbaycana deportasiya edilmələri üçün Bavariya əyalətinin Deggendorf şəhərindəki deportasiya mərkəzinə gətirilib.
Deggendof Şəhər Polis Təşkilatından “Report”a bildirilib ki, Əsədovlar ailəsi ilə bağlı bütün prosedurlar tamamlanıb və ailənin martın 11-də Azərbaycana göndərilməsi gözlənilir.