Almaniyanın paytaxtı Berlin şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert təşkil olunub.

Unikal.org xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə gerçəkləşdirilmiş tədbiri giriş sözü ilə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov açıb. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı, DİDK-nın bütün dünyada həyata keçirdiyi maraqlı layihələr, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, idmanı və turizm potensialı barədə ərtaflı məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğuna diqqət cəlb edilib.

Konsertdə Almaniyada yaşayan, bu ölkənin "The Voice" ("Səs") müsabiqəsində ifası ilə yerli tamaşaçıları heyran edən Seyran İsmayılxanov Azərbaycan mahnılarını ifa edib. Konsert zamanı Azərbaycan mahnılarının sözləri Mirijam Vanneste-vratz tərəfindən alman dilinə tərcümə olunub. Bu, tamaşaçıların böyük marağına səbəb olub. Musiqili gecədə həmçinin Köln şəhərində fəaliyyət göstərən Qafqaz Rəqsləri Qrupu və fortepiano ifaçısı Esmira Arzhang çıxış ediblər.

Almaniyada fəaliyyət göstərən “Spirit of Caucasus” şirkətinin rəhbəri Anja Bell konsertə göstərilən təşkilati dəstəyə görə minnətdarlığını bildirib. O, əlavə edib ki, sözügedən tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq.