Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət Vəkili Pərvin Kərimzadə və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov xüsusi karantin rejimi qaydalarına əhali arasında hansı səviyyədə əməl olunmasını yerində araşdırıblar.
Unikal.org xəbər verir ki, onlar səhər saatlarından başlayaraq şəhərin mərkəzi küçə və prospektlərindəki mövcud vəziyyətlə tanış olublar.
Xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlər, ən əsas da yaşlı insanlarla maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlara maska və əlcək təqdim olunub, şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb. Yaşı 65-dən yuxarı olan sakinlərin evə göndərilməsi təmin olunub. Bununla yanaşı tək yaşayan ahıl şəxslərin ünvan və əlaqə telefonları qeyd olunub, onlara qulluq xüsusi nəzarətə götürülüb.
Niyazi Bayramov, Pərvin Kərimzadə və Əkbər İsmayılov bir sıra əczaxana və ərzaq mağazalarında da olublar. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, tələbat yüksək olduğundan gündəlik olaraq satışa çıxarılan tibbi maskalar tez bir zamanda alınırlar. İri market və ərzaq mağazalarındakı vəziyyət isə qənaətbəxş qiymətləndirilib. Satıcı və içəridə olan az sayda alıcı ilə söhbət aparan Niyazi Bayramov kassaların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatıladıb. Həmçinin yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırılıb.
Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə "Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.