“Covid-19 pandemiyasının dünya üzrə qurbanlarının sayı 50 min nəfəri keçib. Virusa yoluxanların ümumi sayı isə 1 milyonluq həddi aşıb. Real situasiya onu göstərir ki, dünyanın demək olar bütün ölkələrindən sakinlər bu pandemiyanın qurbanı olublar. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçməyib və bizdə də virusa həm yoluxanlar var, həm də həyatlarını dəyişənlər”.
Unikal.org xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib. O bildirib ki, hər bir xəstəliyin yaranma, artma, maksimal həddinə çatma və səngimə mərhələləri var:
“Şübhə yoxdur ki, koronavirus pandemiyası da tezliklə aradan qalxacaq, dünya səhiyyəsi və tibb elmi bu virusu neytrallaşdıra biləcək həbləri kəşf edəcək. Ancaq pandemiyanın törətdiyi iqtisadi fəsadlar, ümumdünya maliyyə böhranının təsirlərini tezliklə aradan qaldırmaq mümkün olmayacaq. Xüsusilə də iqtisadi imkanları məhdud olan dövlətlər üçün.
Hazırda dünyanın iqtisadi mənzərəsi heç də ürəkaçan deyil. Dünyanın ən qabaqcıl və rifah halı yüksək olan dövlətlərinin cəmləşdiyi Avropadakı mürəkkəb situasiya bunun əyani sübutudur. Bu fonda Azərbaycanın bir tərəfdən virusla mübarizə, digər tərəfdən isə onun törətdiyi fəsadları neytrallaşdırma cəhdləri həqiqətən də ciddi siyasi iradə və iqtisadi qüdrət tələb edir. Azərbaycan nəinki real vaxtda bəşəri böhrandan qaynaqlanan sıxıntıların təsir səviyyəsini azaltmağa çalışır, eyni zamanda, postpandemiya dövrü üçün hazırlıq işlərinə start verib. Fikrimcə, dünyada barmaqla sayılacaq dövlətlər var ki, ümumdünya pandemiyası dövründə sabah hansı addımları atacağının hesablarını bugündən görməyə başlayıb.
Şübhə yoxdur ki, bütün bunları etmək üçün dövlətin yetərli maliyyə “yastığı” olmalıdır. İqtisadiyyat real vəziyyətə əsaslanmalı, milli valyutanın alıcılıq qabiliyyəti qorunmalı, dövlətin proseslərə müdaxilə edib vətəndaşlarını və özəl sektoru himayəsinə almaq üçün imkanları olmalıdır. Hazırda Azərbaycanda hökumətin həyata keçirdiyi tədbirlər göstərir ki, dövlət bu vəzifələrin öhdəsindən gəlmək əzmində və iqtidarındadır”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanı pandemiyadan törənən iqtisadi çətinliklərin təsir dairəsinin daralması istiqamətində atılan ilk addım saymaq olar:
“Bu fərmanla dövlət başçısı virusun törətdiyi maddi çətinliklərin aradan qaldırılması üçün 1 milyard manat vəsait ayırdı. Burada bir məqama diqqətimizi yönəltməyimiz lazımdır: Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-u martın 11-də pandemiya elan edir. Cəmi bir həftə sonra isə Azərbaycan pandemiya nəticəsində yaranmış iqtisadi xarakterli əngəllərin minimallaşdırılması istiqamətində addım atır. Təsəvvür etmək o qədər də çətin deyil: pandemiya bir-bir dünya dövlətlərini ağuşuna alır, hökumətlər üçün iqtisadi sıxıntılar belə demək mümkündürsə, arxa plana keçir və bu fonda virusla mübarizə üçün tibbi infrastrukturunu tam hazır vəziyyətə gətirən Azərbaycan özünün iqtisadi “yaraları”nı sağaltmaq məqsədilə gerçək addımlar atmağa başlayır.
Hökumətin sərgilədiyi iqtisadi siyasətdən belə görünür ki, Azərbaycan pandemiyadan sonrakı dövr üçün operativ və aydın məqsədli tədbirlər planına malikdir. Hazırlanan geniş dəstək proqramına əsasən, dövlət böhrandan çıxmaq üçün 4 sektor və 20 istiqamət üzrə 9 proqram hazırlayıb. 9 proqram daha 2,5 milyard manatlıq yardımı nəzərdə tutur. Müxtəlif səpkili “Yol xəritəsi” olan bu proqramların başlıca məqsədi dövlətin özəl sferaya – milli biznes və sahibkarlıq subyektlərinə, deməli, həm də bu sektorda çalışan vətəndaşlarımıza yardım göstərməkdir. Biz bilirik ki, dövlət sferasında çalışan vətəndaşlarımız aprelin 29-dək əmək haqqılarının ödənilməsi şərtilə məzuniyyətə çıxarılıblar. Onların sayı 915 min nəfərdir. Həmin gündən hamını narahat edən belə bir sual var: bəs özəl sektorda çalışan soydaşlarımızın aqibəti necə olacaq? Ölkədə əmək müaviləsi əsasında işləyən vətəndaşlarımızın sayı 1 milyon 555 min nəfərdir. Bunun 640 mini özəl və qeyri-neft sektorunun payına düşür. Turizm, əyləncə, ticarət, ictimai iaşə sahəsinin işçiləri həmin o 640 min nəfərdir. Restoranda ofisiant işləyib ailəsinə gündəlik qazanc aparan qardaşımız necə dolanacaq? Turizmdə, oteldə təmizlikçi kimi çalışan bacımızın aqibəti barədə nə deyə bilərik? Hökumətin hazırladığı 9 proqram bax belə suallar üçün konkret cavabdır.
Proqramlardan birinə əsasən, qeyri-dövlət sektorunda ixtisaslaşmış 44 min sahibkar dövlətdən yardım alacaq. Bu 44 min subyektdə çalışan vətəndaşlarımızın sayı 304 min nəfərdir. Bu kontingent 640 minin 45%-ni təşkil edir. Sözügedən 20 istiqamətdən 11-i məhz özəl və qeyri-neft sektorunda cəmləşib. Bu istiqamətlərə dövlət 100%-lik dəstək paketi nəzərdə tutub. Başqa bir proqrama görə isə, təqribən 290 min fərdi və ya mikro sahibkar da dövlətin himayəsini hiss edəcək. Fərdi sahibkarın iqtisadi imkanları bu xarakterli böhranlar üçün çox həssasdır. Bu səbəbdən dövlət mikro sahibkarlıqla bağlı xüsusi plana malikdir. Məsələn, fərdi sahibkar 2019-cu ildə ödədiyi vergilərə müvafiq birbaşa maddi dəstək görəcək. Yaxud biznes üçün alınmış kreditlərin 10%-nin ödənilməsini dövlət öz üzərinə götürəcək. Yetər ki, sahibkar fəaliyyətində şəffaf, işçiləri ilə rəsmi əmək müqaviləsinə malik olsun.
Hökumətin hazırladığı paketdə postpandemiya dövrü üçün geniş spektrli tədbirlər planı əks olunub. Biznesin təşviq, əlverişli ipoteka kreditlərinin təklif edilməsi və özəl sektora hərtərəfli dəstək. Dövlət vətəndaşını darda qoymayacaq. Yetər ki, bu virus pandemiyasından minimal can itkisi ilə çıxaq. Bəla qarşısında həmrəy olaq, bütün sıxıntılarımız aradan qalxacaq. Arxamızda dövlət var!”