“Bu günlərdə istifadəyə verilən Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində tikinti altına düşən ağaclar köçürülərək müvafiq ərazilərdə əkilib və hazırda bioloji inkişafına nəzarət olunur”.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsinin mühüm sosial-infrastruktur əhəmiyyətə malik olduğunu və tıxacların aradan qaldırılması baxımından böyük rol oynayacağını nəzərə alaraq ictimai dinləmədən sonra tikinti altına düşən ağacların köçürülməsinə rəy verilib, ağaclar çıxarılaraq Binəqədi və Abşeron rayonları ərazisində əkilib.
Agentlik rəsmisi onu da bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün Agentliyə müraciət edilib:
“Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib.
Ümumiyyətlə iqtisadi və sosial inkişaf tempinə uyğun olaraq ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə bizə təqdim olunan layihələrin bir hissəsində, xüsusilə də dövlət əhəmiyyətli sosial-infrastruktur layihələrdə ağacların köçürülməsinə zərurət yaranır və ekspertlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmələrdən sonra yaşıllıqların yerinin dəyişdirilməsi və yeni yaşıllıq sahələrinin salınması tələbi ilə rəy verilir".