Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında  22 yaşlı Balakən rayonu Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini 21 yaşlı Toğrul Səmədli  şübhəli şəxs qismində saxlanılıb. 

T.Süleymanovdan şəxsi axtarış zamanı 1 ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman  ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.
Həmin tədbirlərin davamı olaraq  Balakən RPŞ əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman  501,2 qram civə aşkarlanıb. 
Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.