Sumqayıtda ötən gün fəaliyyətə başlamış maska istehsalı müəssisəsinin hesabına Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü maska ilə tam təmin edəcək".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
"Bakı Tekstil Fabriki" MMC-yə məxsus həmin müəssisənin investisiya dəyəri 3,9 milyon manatdır. Bunun 1,2 milyon manatını İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu güzəştli kredit kimi ayırıb. İki həftə ərzində lazımi avadanlıqlar və xammal alınıb. Burada tibbi maska ilə yanaşı, tibbi spirt və dezinfeksiya vasitələri də istehsal olunur. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır", - deyə o, qeyd edib.
"Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq: "Hələ ki, onların qiyməti müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. Müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb".
Yeni müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi 3 növbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir.