“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün DOST Mərkəzində düşmən açıqlamalar verib. O qeyd edib ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa, digər üzvlərə birdəfəlik yardım verilməyəcək. Sahil Babayevin açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığı və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir. Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa, digər üzvlərə birdəfəlik yardım verilməsin?”.
Unikal.org xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu şəxsi Feysbuk profilində yazıb:
“Əvvəla, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar? İkincisi, işsizlik sığortası müainəti dövlət büdcəsindən deyil, İşizlik sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir. Bax sosial ədalət burda pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da nəzərə alınmadı. Heç olmazsa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işzilərin hamısınına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir”.