"Əgər infeksiya kaskad effekti almasa, reinfeksiya olmasa, yəqin ki, yaxın 2 aydan sonra infeksiya haqda keçmiş zamanda danışmaq mümkün olacaq. Spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Vaksin illüziyasına qapılmayın. Vaksin yaradılıb sənaye istehsalına buraxılana qədər virus canlı aləmi tərk edəcək!"
Unikal.org xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla belə düşünür. O deyir ki, koronavirusun sürətlə yayılmasının qarşısı alınarsa, 2 ay müddətində təmamən yoxa çıxa bilər.
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru vaksin olmadığından virusdan qorunmaq yolunu ancaq karantin rejiminə ciddi əməl etmədə və şəxsi gigiyenaya riayət etməkdə görür:
"Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir. Əlləri isti su altında 30 saniyə ərzində tez-tez diqqətlə yumaq, canlı insanla təmaslardan qaçmaq (sosial izolyasiya, antikommunikasiya), maska taxmaq, immun sistemini gücləndirmək, fiziki fəallığı artırmaq əsas görəcəyimiz işlər olmalıdır!
Yoluxma üçün ekspozisiya (təmas) müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. Həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur. Gizli dövr, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər".
Hər il dünyada qrip infeksiyasından ölənlərin statistikasını nümunə gətirən A.Qeybulla insanları panika və təşvişə düşməməyə çağırır:
"Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb. İnsanları təşviş keçirməməyə çağırıram.
Düzgün təsəvvürlərin yaranması üçün bir statistikanı nəzərinizə çatdırım: hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVID-19-dan dəfələrlə çox olur. Koronavirusların diğər təhlükəli növləri sayılan SARS və MERS COVID-19-dan daha ağır gedişə malik olub yüksək ölüm faizinə malikdir: uyğun olaraq 11% (SARS) və 35-50% (MERS).
İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri (co-morbid vəziyyət) olanlar arasında bir provakasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından dünyasını dəyişirlər.
İnfeksiya ətrafında yaranmış ajiotaj infeksiyanın mahiyyətinə qəti adekvat deyil. Şayiə xarakterli informasiyalara inanmayın! Qətiyyən qorxmayın və əndişə keçirməyin! Unutmayın ki, qorxu da immuniteti aşağı salır. Qorxu heç nəyi həll etmir! Əksinə laqeyd də qalmaq olmaz! Ehtiyatlı və diqqətli olmaq isə şərtdir".
A.Qeybulla deyir ki, koronavirusa yoluxanların əksəriyyəti xəstəliyi yüngül keçirir:
"COVID-19 hər 4 adamdan 1-də tam asimptomatik (subklinik formada) keçir. Xəstəlik yüngül gedişli soyuqdəymə əlamətləri ilə, həyati təhlükəsiz bakterial və ya virus pnevmoniyası ilə, kəskin respirator distres sindromu ilə, ağ ciyər çatmazlığına gətirən ağır atipik pnevmoniya ilə və bu fonda yaranmış septiki şok və poliorqan çatmazlığı ilə müxtəlif gedişlərlə müşahidə oluna bilər".
Adil Qeybulla COVID-19 pandemiyasının dünya düzənini, siyasi və iqtisadi coğrafiyanı dəyişməyə doğru hədəfləndiyini düşünür: (baku.ws)
"Bunun arxasında həm də ciddi maraqların dayandığı göz önündədir… Bu məsələlər bizim iradəmiz xaricindədir, təəssüf ki… Allah millətimizi qorusun!"