"On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir."
Unikal.org xəbər verir ki, bu sözləri prezidenti İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə bildirib.
Ölkə başçısı deyib: "Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür".