Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiq edilməsinə görə Bakıda nəzarət postlarının qurulması tıxaca səbəb olur.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərə müraciət edib.
Müraciətdə deyilir: "Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminə görə qurulan postlara yaxınlaşarkən hərəkətlə bağlı verilmiş icazəni əlinizdə hazır tutun. Eyni zamanda sürücülük, şəxsiyyət vəsiqənizi və qeydiyyat şəhadətnamənizi əlinizdə saxlayın. Belə olduğu təqdirdə polis tez bir zamanda sənədlərinizə baxış keçirə biləcək. Nəticədə bu da tıxacın qarşısını alacaq".
V.Əsədov həmçinin bildirib ki, sonda zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur.