Koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən profilaktikanın daha da gücləndirilməsi məqsədi ilə Abşeron rayonunda genişmiqyaslı işlər görülür.
Unikal.org xəbər verir ki, rayon İcra Hakimiyyəti başçısının yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilatların inzibati binaları, istirahət parklarının ərazisi, ictimai yaşayış binalarının girişləri, blokları, həyətləri, bank və bankomatların, aptek və ərzaq mağazalarının qarşısı, eyni zamanda marşrut avtobusları, dayanacaqlar və digər zəruri yerlər mütəmadi olaraq dezinfeksiya olunur. Prospekt, küçə və səkilərdə xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır. Bu gün də bu işlər davam etdirilib. Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində genişmiqyaslı şəkildə dezinfeksiya tədbirləri həyata keçirilib.
Bununla yanaşı, rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri Abşeronun kənd və qəsəbələrini bir-bir gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə - təbliğat işlərini aparırlar. Mobil qruplar səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə, Post Patrul maşınlarının və məscidlərin səsucaldıcı qurğuları vasitəsi ilə sakinlərə karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı gün ərzində bir neçə dəfə çağırışlar edilir. Xüsusi maarifləndirici materiallar hazırlanaraq, Xırdalan şəhərində, eləcədə qəsəbə və kəndlərin ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına, ərzaq mağazaları və apteklərə vurulub.
Rayon ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, aksiya ilə bağlı RİH-də yaradlılan qərargaha 25 çağırış edilib. Ahıllar ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Bununla da sosial xidmət göstərilən ahılların ümumi sayı 214-ə çatıb.
Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.
Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)
#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü