Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir, aztəminatlı ailələrə ərzaq yardımı edilir.

İH-dən Unikal.org-a daxil olan məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aprelin 10-da Qara Qaraev prospekti, Bəkir Çobanzadə və Elşən Süleymanov küçələri kommunal texnikalar vasitəsilə xüsusi məhlulla yuyulub. 

Bundan əlavə, inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsləri, lift kabinələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.

Qeyd edək ki, rayon ərazisində dezinfeksiya işləri qrafikə uyğun olaraq hər gün aparılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının – şəhid və aztəminatlı ailələrin, əlillərin, tənha qocaların sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır.

Ölkədə elan olunan xüsusi karantin rejimində bu kateqoriyadan olan rayon sakinlərinin ehtiyaclarının qismən ödənilməsi məqsədilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 100 ailəyə ərzaq yardımı edilib.