Gürcüstan hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə aprelin 17-dən etibarən ölkədə minik avtomobillərinin hərəkətinin tamamilə qadağan edilməsi barədə qərar verib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə Gürcüstanın Baş Nazirinin xarici işlər üzrə köməkçisi İrakli Çikovani bildirib.
“Sabah saat 12:00-dan fövqəladə vəziyyət rejimi müddətində, yəni 21 aprel tarixinə qədər ölkədə avtomobillərin hərəkəti tamamilə qadağan edilir”, - Çikovani belə deyib.
Baş Nazir müşavirinin sözlərinə görə, məhdudiyyətlər yük daşınmasına, eləcə də distribütor avtomobillərinin işinə təsir göstərməyəcək. O bildirib ki, normal rejimdə apteklər, ərzaq mağazaları, həmçinin çatdırılma xidmətləri işini davam etdirəcək.
Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyası səbəbindən martın 21-dən aprelin 21-dək fövqəladə vəziyyət rejimi tətbiq olunur. Martın 31-dən isə ölkədə sərbəst hərəkət qadağan olunub, saat 21:00-dan 06:00-dək komendant saatının tətbiqinə başlanılıb.