"Hər bir dövlətin gücü çətin vəziyyətlərdə atdığı addımlarla, hadisələri nəzarətdə saxlamaq imkanları ilə, bütün problemlərin öhdəsindən layiqincə gəlmək qabiliyyəti ilə ölçülür. Azərbaycan dövləti bu mənada Prezident İlham Əliyevin liderliyi ilə belə çətin vaxtda-koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı dönəmdə öz gücünü, qüdrətini bir daha göstərməkdədir".
Bunu Unikal.org-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.O, qeyd edib ki, Prezidentin koronavirusla mübarizə üçün atdığı addımları ölkə vətəndaşları minnətdarlıqla qarşılayıb:
"Bu qorxunc epidemiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımların, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarların nəticəsidir ki, Azərbaycan hazırda koronavirusa qarşı mbarizə tədbirlərində bir çox ölkələrə nümunədir. Eyni zamanda, pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən dövlətimizin Başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır, xalq öz Prezidentinin fədakar, yorulmaz, gərgin əməyini, diqqət və qayğısını yüksək qiymətləndirir, Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyi üçün dərin minnətdarlıqlarını bildirirlər.
Yazılan hər sətirdə ölkə vətəndaşları xalqımızın bu bəladan dövlətimizin Başçısının iti zəkası, idarəetmə qabiliyyəti, qayğısı və humanizmi sayəsində minimum zərərlə xilas olacaqlarına əminliyin, inamın şahidi oluruq. Məhz, Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı, təxirəsalınmaz mühüm işlər vətəndaşlarımızı ürəkləndirir və onlar öz minnətdarlıqlarını, hər zaman öz Prezidentlərinin yanında olduqlarını, onunla qürur duyduqlarını ardı-arası kəsilmək bilməyən məktubları ilə bildirməyə çalışırlar".
Famil Fərhadoğlu