“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimi başa çatıb.
Unika.org xəbər verir ki, təlimin gedişində birləşmə və hissələrin səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
Mobil, stasionar və dayaq rabitə qovşaqlarının, retranslyasiya məntəqələrinin kompleks tətbiqi ilə ordunun geniş şaxəli səhra rabitə sistemi qurularaq idarəetmə məntəqələri arasında bütün növ informasiya mübadiləsi təmin edilib.
Mürəkkəb relyefli qarlı ərazidə ayrı-ayrı istiqamətlərdə düzünə tuşlamaya çıxarılan tank bölmələrinin və birinci eşelondakı zenit qurğularının atışı ilə düşmənə uzaq hüdudlarda atəş zərbələri endirilib.
Gecə ərzində bölmələrimiz şərti düşmənin hücumlarını dəf etsə də müəyyən istiqamətlərdə bölük dayaq məntəqələri dərinliyinə irəliləmə imkanı əldə edən düşmənin məhv edilməsi üçün raket-artilleriya və hava hücumundan müdafiə bölmələrinin dəstəyi ilə mexanikləşdirilmiş və motoatıcı bölmələr tərkibindən yaradılmış taktiki qruplar əks həmləyə keçərək itirilmiş vəziyyəti əlverişli hüdudlarda bərpa edib.
Zirehli texnikaları tankəleyhinə bölmələrimiz tərəfindən məhv edilən düşmənin nizamlı şəkildə geri çəkilməsinə imkan verilmədən ərazinin hakim yüksəkliklərinə taktiki desant endirilib.
Aviasiya bölmələri tərəfindən artilleriya divizionunun atəş mövqeyinə və komanda məntəqələrinin açılma rayonuna aviazərbələr praktiki uçuşla təqlid edilib. Hava hücumundan müdafiə bölmələri aviatexnikaların və pilotsuz uçuş aparatlarının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə praktiki fəaliyyət göstərib, daşınan zenit raket komplekslərindən atışlar icra ediblər.
Düşmən hücumlarını digər istiqamətlərdə dəf edən bölmələrə atəş dəstəyinin gücləndirilməsi üçün ağır yükdaşıma vasitələri ilə tank bölmələrinin bir istiqamətdən digərinə daşınması həyata keçirilib.
Ərazidə açılmış səyyar tibb qrupunun peşəkar tibb personalı döyüş meydanında yaralılara ilkin tibbi yardım göstərərək təxliyəsini təşkil ediblər.
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.
Təlimin yekunu keçirilən zaman bildirilib ki, təlimdə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, silah və döyüş texnikasının gecə vaxtı tətbiqi uğurla həyata keçirilib.