Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirləri davam etdirilir.
Unika.org xəbər verir ki, hazırkı durumda bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasına başlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən aksiya aprel ayının 10-dan start götürüb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə aksiyaya qoşulanlara təşəkkür edib.
Ötən gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova da cəmiyyətdə aksiyaya böyük dəstək nümayiş etdirildiyini vurğulayıb. S.Qafarova parlamentin də qanvermə askiyasına qoşulacağını və Milli Məclisdə bunun üçün xüsusi yer ayrıldığını qeyd edib. Spiker deputatlara da müraciət edərək, aksiyaya qoşulmağa dəvət edib.
Bu gün parlamentdə həyata keçirilən qanvermə aksiyasında deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.
Aksiyaya qoşulan Parlament Jurnalistlər Birliyinin üzvləri də Milli Məclisdə könüllü qan veriblər. İlk dəfə olaraq, jurnalistlərin kütləvi şəkildə qanvermə aksiyasına qoşulması həyata keçirilib.
Media əməkdaşları hər kəsi qanvermə tədbirlərinə qoşulmağa dəvət ediblər.