Rüstəm İbrahibəyov anatomiyası
Rüstəm İbrahibəyov anatomiyası

Və ya bir neçə sotluq torpaq hikkəsi

"Daimi dostlar yox , daimi maraqlar olur". Bir zamanlar Böyük Britaniyanın baş naziri olmuş Çörçelin bu fikri zaman-zaman istər fərdlər arası münasibətlərdə, istərsə də dövlətlər arası münasibətlərdə özünü doğrultdu. Böyük Britaniyanın daimi maraqlarının olmasını önə çəkən baş nazir, bu səbəbdən daimi dostların olmasını o qədər də doğru hesab etmirdi. Amma o bunu Böyük Britaniya dövlətinin qüdrəti üçün edirdi. Özünün isə sözsüz ki, daimi dostları vardı.

Bir zamanlar bu hakimiyyətin daimi dostları sırasında Rüstəm İbrahimbəyovda görünərdi.

İbrahimbəyovların
çiçəklənmə dövrü

1993-cü illərə qədər gah Rusiyada, gah da ABŞ-da fəaliyyət göstərən və özünü beynəlmiçilər dəstəsinə aid edən ssenarist Rüstəm İbrahimbəyov 1993-cü illərdən Bakıda tez-tez görünməyə başladı. Hər dəfə də Bakıdakı açıqlamasında ötən günlərin həsrətini yaşayan İbrahimbəyov bu toplumu nə qədər özündən uzaqda tuturdusa, hakimiyyətin də bir o qədər yanında olmağa çalışırdı. Heydər Əliyev hakimiyyətinə sadiqlər sırasında yer alan İbrahimbəyov qardaşları onda müxalifətin ən çox nifrət etdiyi simalardan idi. Çünki Rüstəm İbrahimbəyovun qardaşı Milli Məclisin üzvü idi və müxalifətə qarşı barışmaz mövqedə durmuşdu. Əslində Rüstəm İbrahimbəyovun özüdə hər zaman Milli Azadlıq Hərəkatını rədd edir və onları Bakının beynəlmiləl mühitini pozmaqda günahlandırırdı.

Sadiq dostların
biznes imperiyası

Beləcə Heydər Əliyev hakimiyyətini hər addımda dəstəkləyən İbrahimbəyov qardaşları bunun müqabilində Azərbaycanda biznes strukturları yaratmağa əl qoydular. Rüstəm İbrahimbəyov Azərbaycanda ilk simalardan oldu ki, o daşınmaz əmlak biznesinə və tikinti sektoruna zamanında qatıldı. Qısa zaman ərzində kifayət qədər kapital toplayan ssenarist həm də sübut etdi ki, yaxşı biznesmendir. Sözsüz ki, yaxşı biznesmen olmasının müqabilində dövlət tədbirlərində ön sırada oturur, hakimiyyətin bir nömrəli tərəfdarı kimi çıxış edirdi.

İlk təpki və
Çörçel yanaşması

İbrahimbəyov qardaşlarının durumu İlham Əliyevin prezidentliyinin ilk anlarında da kifayət qədər qaydasında idi. Məhz bu periodda Rüstəm İbrahimbəyov "İbrus" teatrına sahibləndi və bir sıra layihələrin həyata keçirilməsi üçün kapitala sahibləndi. Amma... günlərin biri aydın oldu ki, Rüstəm İbrahimbəyov Patamdar qəsəbəsində əldə etdiyi torpaq sahələrini geri qaytarmalı olacaq. Çünki bu torpaq sahələri Dövlət Neft Şirkətinin balansındadır. Bununla da yüz min manatlıq bir torpaq sahəsinin əlindən çıxmasını görən Rüstəm İbrahimbəyov mövcud hakimiyyətə asi kəsilən bir şəxsə çevrildi. Aydın oldu ki, zamanında milyonlar aldığı hakimiyyəti yüz minə görə artıq qəbul etmir və bununla da o özünün psixoloji portiretini ortaya qoydu. Aydın oldu ki, Rüstəm İbrahimbəyov sosial konfliktləri siyasi konfliktlərlə əvəz etməyə çalışan, insanafobiya problemini yaşayan Rüstəm İbrahimbəyov hər zamankı kimi yenə də milli mentallıqdan çox- çox uzaqdadır və asanlıqla o bunu ortaya çıxara bilir.

Ziyalılar Forumundan
qoparılan imic

Rüstəm İbrahimbəyov itirdiyi bir neçə sot torpağa görə hakimiyyətlə barışa bilmir və hər addımda radikal açıqlamalarla gündəmdə qalmağa çalışır. Amma ənənəvi müxalifət Rüstəm İbrahimbəyovun keçmişini bağışlamaq istəmir və özlərinə aid dövrü mətbuatda Rüstəm İbrahimbəyovun bu illər ərzində tutduğu siyasi xətt, hakimiyyəti müdafiə etməsi sərt şəkildə tənqid edilirdi. Buna görə Rüstəm İbrahimbəyova özünü müdafiə üçün bir dayaq lazım idi və o dayağı Ziyalılar Forumunun xətti ilə həll edə bildi. Məhz Ziyalılar Forumunda təmsil olunmaqla o, müxalifətin sərt tənqidlərindən xilas oldu və bu düşərgənin sevimli simasına çevrilməyə başladı. Əslində Ziyalılar Forumu Rüstəm İbrahimbəyova ona görə lazım idi ki, müxalifətdən zərbə almasın. Əksinə, müxalifətlə bir sırada dursun və bununla da sosial iddialarını siyasiləşdirməklə bir tərəfə çevrilə bilsin. O, bunu rahatlıqla etdi. Düzdür bu günün özündə də Rüstəm İbrahimbəyova müxalifətin inamı yoxdur. Amma hakimiyyətə qarşı tutduğu mövqeyə görə ona qəzet səhifələrində yer ayrılır. Amma Rüstəm İbrahimbəyov yalnız Ziyalılar Forumu ilə kifayətlənə bilməzdi. Çünki Ziyalılar Forumu ətrafında bir ajiotaj yarandı və sonra sükut çökdü. Aydın oldu ki, Ziyalılar Forumunun təsir etmə imkanları yoxdur və ətrafına sosial baza toplaya bilməyəcək. Bir neçə sot torpağa görə siyasi meydana atılan Rüstəm İbrahimbəyov isə hakimiyyətə təzyiq göstərmək üçün daha böyük tribuna axtarırdı və Ziyalılar Forumu bu tribuna rolunu oynaya bilmədi. Həm də aydın oldu ki, Ziyalılar Forumunda təmsil olunan akademik Rafik Əliyev daha xarizmatik simadır və onun yanında Rüstəm İbrahimbəyov sadəcə olaraq görünmədi. Ona isə əsərin qəhrəmanı olmaq lazım idi və bu "qəhrəmanlıqla" hakimiyyətlə arasındakı torpaq davasını həll etmək niyyətindən əl çəkmirdi. Buna görə Rüstəm İbrahimbəyov üçün yeni ssenari lazım idi. Bu ssenarini isə Rusiya yazdı.

Rusiya Azərbaycan
Təşkilatları İttifaqı oyunu

Gözlənilmədən qonşu Rusiyadan maraqlı bir xəbər gəldi. Aydın oldu ki, Rusiyada yaşayan azərbaycanlı milyonerlər bir təşkilat ətrafında toplanıblar. Əslində, Rusiyadan hansısa xəbərin gələcəyi həm də gözlənilirdi. Çünki
- Qəbələ RLS-in həll olunmamış qalması
- Ümumi Gömürük İttifaqının yaranmasına Azərbaycanın etirazı
- Azərbaycanın enerji məsələsində ki, Qərblə əlaqələri Rusiyanı artıq hövsələdən çıxartmışdı və Rusiya hansısa addımı atmağa hazırlaşırdı. Bu addım isə yeni təşkilatın yaranması ilə müşahidə olundu və aydın oldu ki, bu oyunda da Rüstəm İbrahimbəyov imzası var. Ən qəribəsi isə budur ki, təşkilatın yaranmasından sonra əsas fiqurlar kölgədə qalmağa nə qədər çalışdılarsa, Rüstəm İbrahimbəyov bir o qədər meydana gəldi və yeni qrum adından ən sərt açıqlamaları verdi. Əslində artıq meydanda Rüstəm İbrahimbəyov yox, Rusiyanın sözçüsü durmuşdu. Mövcud hakimiyyəti, bəzi hallarda dövləti belə hədələyən Rüstəm İbrahimbəyovun tutduğu mövqe açıq şəkildə sübut edirdi ki, təşkilat adından açıqlamalar vermə missiyası Kreml tərəfindən ona həvvalə olunub.

Milli azlıqlar
və ya əsas oyun

Yeni təşkilat yarandı və Rüstəm İbrahimbəyovunda yaxınları kimi tanınan erməni ziyalıları ilə görüş əsas vəzifə elan edildi. Niyə məhz bu məsələ, əsas mövzu olaraq gündəmə gəldi? Bu sualın cavabı isə özünü çox gözlətmədi. Aydın oldu ki, RATİ-ində təsis olunduğu oteldə, separatçı "Sadval" təşkilatının da toplantısı olub və bu qrum fəaliyyətini yenidən bərpa edir. Aydın oldu ki, Rüstəm İbrahimbəyov dəstəsinin milli azlıq problemi ilə məşğul olma həvəsinə oxşar həvəs "Sadval"çılarda da var və onlarda ləzgi xalqının "haq"ları uğrunda savaşa başlayır. Ən qəribəsi isə bu oldu ki, Rusiyanın Azərbaycandakı səfiri şimal bölgəsinə gedərək orda "sadval"çılarla görüşüb. Beləliklə aydın oldu ki, Rusiya artıq açıq oyuna start verib və bu oyunun əsas iştirakçılarından biri də Rüstəm İbrahimbəyovdur. Sözsüz ki, Rüstəm İbrahimbəyovun problemi bir neçə sot torpaqdan qaynaqlanır, Rusiyanın problemi isə daha qabarıqdır. Rüstəm İbrahimbəyov bu çirkin oyunda iştiraka da məhz bu səbəbdən razılıq verdi ki, daha çox ajiotaj yarada biləcək.
Yanan körpülər və
vurnuxan bəndə

Rüstəm İbrahimbəyov artıq bir neçə gündür ki, sərt açıqlamalar verməklə məşğuldur. Onun get-gedə sərtliyini artırması isə hər gün bir az da mövcud körpülərin yanması və özünün get-gedə oyundan çıxması ilə bağlıdır. Rüstəm İbrahimbəyov böyük oyunda xırda bir missiyanı həyata keçirtdi və aydın oldu ki, ona verilən rol epizodik bir roldur. O isə bununla razılaşmır. Çünki istədiklərinə nail olmadı. Əvəzində nüfuzunu ciddi zədələdi. İndi isə onun geri qayıtmağa yolu yoxdur. Önə getməyə imkanı yoxdur. Tutduğu siyasi xəttə yaddır və nəticə də ekstaz vəziyyətdə başladığı oyun indi iflic haldadır. Amma onun reallığı qəbul etmə fürsəti hələ görünmür və hər gün daha da siyasiləşməklə yeni prosesə başlamaq istəyir. Bu nədən ibarətdir?
Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir və Rüstəm İbrahimbəyov bu kartdan da istifadə etməyə hazır görünür. Amma bir reallığı bilir ki, hər zaman yuxarıdan aşağı baxdığı Azərbaycan cəmiyyəti onu heç bir halda qəbul etməyəcək. Hətta seçkilərdə bir namizəd olaraq iştirak etmək istəsə də bu uğursuz növbəti bir addım olacaq. Buna görə Rüstəm İbrahimbəyov yeni himayədar axtarışına çıxıb və bunu Ziyalılar Forumu ilə Rusiya aralığında axtarır. Amma buda məlumdur ki, Rüstəm İbrahimbəyov Rusiyaya prosesə başlamaq üçün lazım idi. İndi isə Rusiya daha çox siyasi bir sima axtarır və bu axtarış yəqin ki, müxalifət sıralarında olacaq. Rüstəm İbrahimbəyova gəldik də isə ona qarşıda eyni siyasət yürüdüləcək- "Daimi dostlar yox, daimi maraqlar olacaq". Rüstəm İbrahimbəyov bu gün maraqlara cavab verirdi və görünən küncdə otuzdurulmuşdu. Sabah isə "yorulmuş atlar güllələnir"-deyimini Rüstəm İbrahimbəyov siyasi iflasında görəcək. Çünki o ömründə ilk dəfədir ki, böyük bir oyunun ortasına düşüb. Və o bunu şüurlu şəkildə yox, bir neçə sotluq torpaq hikkəsinə görə edib.
Toğrul Əliyev