Urmiyasız İran, yoxsa Arazsız Azərbaycan:?
01:33 20-11-2012
CƏMİYYƏT
Urmiyasız İran, yoxsa Arazsız Azərbaycan:?
Telman Zeynalov: "Araz çayının tamamilə Urmiya gölünə yönəldilməsi Azərbaycanda minlərlə hektar əkinə yararlı ərazinin quraqlığa düçar olması, minlərlə canlıların məhvi, insanlarımızın müxtəlif xəstəliklərə tutulması deməkdir"
Urmiya gölünə Araz çayının suyunun axıdılması planı üzrə iş gedir. Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq. Bunu İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfəda deyib. Bu xəbəri İRNA agentliyi yayıb.
"Ümid edirik ki, Azərbaycan qonşuluq haqqı və ətraf mühitə yardım naminə İranın Araz çayındakı su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gələcək", - Vətənfəda bildirib.
Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.
İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.
2011-ci ildə də Urmiya gölünün quruması ilə bağlı Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Həmin aksiyalar zamanı onlarla azərbaycanlı fəal həbs olunaraq ağır cəzalandırılmışdı.
Vətənfəda İran və Ermənistan tərəfindən birgə inşa olunacaq Mehri Su Elektrik Stansiyası (SES) ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlara da münasibət bildirib və deyib ki, Mehri SES üçün suyun gücləndirilməsinə və ehtiyat olaraq yığılmasına ehtiyac yoxdur. Bu stansiya su axını ilə işləyəcək.
O əlavə edib ki, Mehri SES İranla Azərbaycan arasında, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda istifadəyə verilmiş stansiyanın analoqudur. Bu kimi stansiyalarda su bir tunelə doğru istiqamətləndirilir və davamlı şəkildə çaya geri göndərilir.
Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, "Araz çayı ölkəmizin strateji obyektlərindən biridir və inanmıram ki, Azərbaycan dövlətinin rəhbərləri İranla bu barədə aparılacaq danışıqlar masasının arxasına əyləşəndə İranın istəklərinə müsbət cavab verələr. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlahm Əliyev cənabları ölkəmizin strateji təhlükəsizliyinin qarantıdır və mən inanıram ki, o, bu məsələdə də qəti mövqe tutacaq".
Telman Zeynalovun bildirdiyinə görə, İran qurumaqda olan Urmiya gölünün problemini başqa resurslar hesabına da həll edə bilər. Bunun üçün İranda kifayət qədər yeraltı su ehtiyatları var. SSRİ boyda nəhəng bir dövlət Aral dənizinin qurumasının qarşısını ala bilmədisə, beynəlxalq sanksiyalar nəticəsində olduqca ağır iqtisadi duruma düşmüş İran dövləti bu problemi necə həll edə bilər?"
Ekspertin sözlərinə görə, "İran tərəfi əvvəllər bildirirdi ki, Urmiya gölünün problemini həll etmək üçün Araz çayının suyunun bir hissəsi də kifayət edər. Amma İrandan gələn son məlumatlar sübut edir ki, bu dövlətin planı dəyişilib və Arazın suyunun hamısını Urmiya gölünə yönəltmək fikrindədir. Görünür, iranlı mütəxəssislər bundan sonra Azərbaycanda baş verə biləcək ekoloji fəlakətin miqyasını ya təsəvvür edə bilmirlər, ya da bu onlar üçün maraqlı deyil, təki vəziyyətdən çıxsınlar. Araz çayının tamamilə Urmiya gölünə yönəldilməsi Azərbaycanda minlərlə hektar əkinə yararlı ərazinin quraqlığa düçar olması, minlərlə canlıların məhvi, insanlarımızın müxtəlif xəstəliklərə tutulması deməkdir. Bu həm də o deməkdir ki, Azərbaycanın cənub qurşağı ekoloji fəlakət zonasına çevriləcək və buna heç vəchlə yol vermək olmaz. Mən şəxsən bir ekspert kimi İran tərəfi ilə aparılacaq bu danışıqlarda iştirak edərək onlara daha optimal variantlar təklif edə bilərəm".
Savalan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27