Banqladeşdə "Ampan" siklonunun yaxınlaşmasına görə 2 milyona yaxın insanın təxliyyəsinə başlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Banqladeşin Təbii Fəlakətlərin İdarə olunması və Yardım Nazirliyi açıqlama verib: "Banqladeşin cənub-qərb hissəsində yerləşən 19 ən həssas administrativ bölgələrin rəhbərliklərinə insanların həyatlarını xilas etmək üçün bütün lazımi tədbirlərin görülməsi tələb olunub". Nazirliyin məlumatına görə, təhlükəsiz yerlərə aparılmalı 1,8 milyondan 2 milyona qədər insan üçün artıq 13 mindən çox sığınacaq yeri hazırlanıb.

Bildirilib ki şənbə günü Benqal körfəzində meydana gələn Ampan siklonu, hazırda Banqladeşin Payra limanından 725 kilometr cənub-cənub-qərbdə yerləşir. Meteoroloqlar hesab edirlər ki, küləyin maksimum sabit sürəti saatda 225 kilometrə, ani şiddəti saatda 245 kilometrə çata bilər.

Onlar Benqal Körfəzindəki güclü siklonun Banqladeş və Hindistan sahillərinə doğru irəlilədiyini və hər iki ölkədə ciddi zərərlərə səbəb ola biləcəyini bildirib. 

Siklonun mayın 20-si günorta saatlarında Banqladeş sahillərinə çatacağı ehtimal olunur.