Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində parklara tətbiq edilən məhdudiyyətin ləğv olunması ilə əlaqədar koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonunda hər gün mütəmadi olaraq dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.
Unikal.org xəbər verir ki, xüsusi dezinfeksiyaedici avadanlıqlarla rayon ərazisində yerləşən “Dədə Qorqud” adına mədəniyyət və istirahət parkı, “Bakı Konqres Mərkəzi”nin ətrafı, Samir Xasıyev adına park, Atatürk parkı, Ə.Nəvai adına park, Həştərxan-Nərimanov Dostluq parkı, Gültəkin Əsgərova adına park, həmçinin parklarda yerləşən uşaq meydançaları, oturacaqlar, səkilər və sakinlərin təmas etdiyi hər yer profilaktik olaraq dezinfeksiya olunur. Parkların dezinfeksiya edilməsi insan sağlamlığı üçün zərərli olmayan lakin virusa qarşı effektiv təsirli xüsusi məhlullarla gündəlik olaraq yerinə yetirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun olaraq parklarda və istirahət məkanlarında sakinlərin 10 nəfərdən artıq qruplarda toplaşmamasına rayon könüllüləri və RİH-nin əməkdaşları tərəfindən ciddi nəzarət olunur.
Eyni zamanda İDEA İctimai Birliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mütəmadi olaraq rayon ərazisinin müxtəlif yerlərində sakinlərə tibbi maska və maarifləndirici broşürler paylanılır.