Azərbaycanda bayram namazları karantin rejiminə uyğun qılınacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun addım atılacaq.

Unikal.org-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-yə müsahibəsində deyib.

M.Qurbanlı bildirib ki, əgər həmin vaxt koronavirus təhlükəsi davam edəcəksə, bayram namazı şəraitə uyğun həyata keçiriləcək: “Hazırkı mövqe ondan ibarətdir ki, virus təhlükəsi davam edəcəyi təqdirdə bayram namazı internet üzərindən icra olunacaq”.

Komitə rəsmisi, həmçinin qeyd edib ki, Ramazan ayı ərzində kütləvi iftar süfrəsi haqda məlumat daxil olmayıb: “Bilirsiniz, imamlar internet üzərindən moizələrində insanlara çağırış edirlər ki, iftar mərasiminizi öz evinizdə ailənizlə birgə keçirin”.