98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib.
Unikal.org xəbər verir ki, deputat videoqəbulda secicilərin orta məktəb binalarının və uşaq evi-bağçaların təmiri, sakinlərin içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi kəndlərdə aralıq su kanallarının təmiri və betonlaşdırılması, gənclərlə bağlı layihələrin reallaşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib.
Qeyd olunub ki, deputat S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Hazırda isə həmin məsələlər müvafiq Dövlət Proqramında öz əksini tapıb.
S.Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Deputat təhsil infrastrukturunun yaxşılaşdırılmasının ölkəmizdə sosial siyasətin başlıca hədəflərindən biri olması, bununla bağlı dövlət proqramlarının icra edilməsi, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti barədə də məlumat verib.
S.Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib: "Bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb. Ona görə də ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tam sovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır".
Bunu nəzərə alaraq S.Qafarova hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.
Deputat deyib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də müəyyən dərəcədə təsir göstərib: "İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Bu gün keçirilən videoqəbul da bu məqsədlə təşkil olunub. Qarşıdakı dövrlərdə də seçicilərlə videokonfrans vasitəsilə görüşlər davam etdiriləcək".
Qeyd edək ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.