Səfər Əbiyevin nazirliyində yeni qalmaqal
12:42 27-11-2012
İQTİSADİYYAT
Səfər Əbiyevin nazirliyində yeni qalmaqal
18 kursantın qanunsuz tərxis olunması orduda təlatüm yaratdı, rütbələri endirilənlərin sayı 4-ə çatdı
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Poliklinika şöbəsinin Tibb Xidmətinin rəisinin (adının Malik olduğu bildirilir) rütbəsi polkovnik-leytenantdan mayora endirilib. Bu barədə hərbi mənbələrdən məlum olub. Bununla da son günlər Silahlı Qüvvələrdə cəzalandırılan zabitlərin sayı 4-ə çatdı. Onların hamısı tibb xidməti üzrə yüksək vəzifə tuturlar.
"Unikal" olaraq xatırladaq ki, bundan öncə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi vəzifəsindən çıxarılmış tibb xidməti polkovniki Asif Qurbanovun, Tibb Akademiyasının Hərbi Tibb Fakultəsinin rəisi polkovnik Rafiq Əliyevin, Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının sədr əvəzi polkovnik-leytenant Vidadi Quliyevin rütbələri bir pillə endirilib.
Dünən baş verənlərlə ağlı bəzi təfərrüatlar əldə edən milaz.info portalına verilən məlumata görə, yüksək vəzifəli zabitlərin cəzalandırılması bu ilin əvvəlində baş verən hadisə ilə bağlıdır.
Belə ki, Tibb Akademiyasının Hərbi Tibb Fakültəsində təhsil alan 18 kursant xəstəliyə görə bu ilin fevralında qeyri-qanuni olaraq hərbi xidmətdən tərxis olunublar. Mənbə bildirib: "Onların tərxis olunması prosesi aşkar qanun pozuntuları ilə müşayiət olunub. Belə ki, xəstəliklərə görə tərxis olunmaya dair cədvəldə 3 qrafa mövcuddur. Birinci qrafada ilkin hərbi qeydiyyata götürülən və hərbi xidmətə çağırılan vətəndaşların, ikinci qrafada çağırış üzrə hərbi xidmət keçənlərin, üçüncüdə isə zabit, gizir, miçman, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları (MAXHQ), ehtiyatda olan zabitlər və s. sağlıq durumları və hərbi xidmət üzrə məsələlər əksini tapır. Kursantlar 3-cü qrafa əvəzinə 2-ci qrafa üzrə - çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların səhhəti ilə əlaqədar nəzərdə tutulan hallar üzrə ordudan tərxis olunublar. Əslində onlar 3-cü qrafa üzrə ordudan tərxis olunmalı idilər. Çünki həmin qrafada zabit, gizir, miçman, MAXHQ-ların xidmətdən tərxisolunma qaydaları əksini tapır. Bəllidir ki, zabitlərə və onlarla eyni qrafada olanlara tələblər daha sərtdir. Əsgərlərin tərxis olunacağı bir sıra hallar onlara aid deyil. Sual oluna bilər, niyə görə kursantlar məhz ikinci qrafa üzrə ordudan tərxis olunublar? Çünki kursantların tərxis olunduğu maddə onlara imkan verir ki, həm hərbi xidmət keçmiş sayılsınlar, həm də Tibb Akademiyasında ödənişsiz olaraq təhsillərini davam etdirsinlər. Əgər onlar 3-cü qrafa ilə tərxis olunsaydılar, onlar təhsildən sonra mütləq əsgər kimi hərbi xidmətə getməli idilər və eyni zamanda onlar təhsillərini ödənişli olaraq davam etdirməli idilər".
Mənbə bildirib ki, bu ilin aprelində Müdafiə Nazirliyinin bir sıra şəxsləri tərəfindən Hərbi Tibb Fakültəsində tərxis olunanların işinə dair yoxlama keçirilib və nəticədə tərxis olunan kursantların 14-ü xidmətə qaytarılıb. Yuxarıda adları çəkilən zabitlərin hər birinin bu məsələ ilə bu və digər səviyyədə əlaqəsi olduğundan isə onların rütbələri endirilib.
Portalın bildirdiyinə görə, orduda tərxis olunma məsələsinə rəhbərlik Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həyata keçirilir: "Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Hərbi Həkim Ekspertizası haqqında" Əsasnamə Azərbaycan Silahlı Qüvvələrində Hərbi Həkim (Hərbi Uçuş) ekspertizasının təşkili və tibbi şəhadətləndirmənin keçirilməsi qaydasını, habelə vətəndaşların yaralanmasının (travma, xəsarət, kontuziya), xəstəliklərinin onların hərbi xidmət keçməsi ilə (hərbi toplanış keçməsi ilə) səbəb əlaqəsinin təyin edilməsi qaydalarını müəyyən edir. Bu məsələlərin həlli üçün Silahlı Qüvvələrdə Hərbi Həkim Ekspertizası orqanları - ştatlı və ştatdankənar (daimi və müvəqqəti fəaliyyət göstərən) hərbi həkim komissiyaları yaradır. Bütün bu hərbi həkim komissiyalarının çıxartdığı qərarlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının möhürü ilə təsdiq olunur. Həmin Komissiya xüsusi təyinatlı hərbi tibb müəssisəsidir və künc ştampı və möhürə malikdir. Bu komissiya hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Silahlı Qüvvələrinin bütün ştatlı və ştatdankənar hərbi həkim komissiyaları hərbi həkim ekspertizası məsələləri üzrə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına tabedir. Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının rəisi (sədri) birbaşa Silahlı Qüvvələrin hərbi tibb xidmətinin rəisinə tabedir. Hərbi Həkim ekspertizası məsələləri üzrə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı son və qətidir".
Verilən məlumatda bildirilir ki, 18 kursant vaxtilə Hərbi Tibb Fakültəsinin rəhbərliyinin rəyinə əsasən Mərkəzi Hərbi Klinik Hospitalda "xəstə" olaraq müalicə olunublar və onlara xəstə olduqları barədə rəy məhz Hospitalın Hərbi Həkim Komissiyası rəy çıxarıb. Bu rəy isə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənib. Beləliklə, aydın olur ki, həmin kursantlarla bağlı işdə adları çəkilən 4 yüksək vəzifəli şəxs bu və digər dərəcədə rol alıblar.
Məsələnin digər tərəfi bu ilin ortalarında Müdafiə Nazirliyi Hərbi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimovun yerinə təyin olunan Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Natiq Əliyevin yürütdüyü siyasətlə bağlıdır. Bir sıra hərbi mənbələrin məlumatına görə, N.Əliyevin vəzifəyə təyin olunduğu gündən Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının sədr əvəzi, hazırda mayor rütbəsində olan Vidadi Quliyevlə münasibətləri o qədər yaxşı deyil. Bu səbəbdən onun da bu məsələlərə ciddi təsirinin olduğuna dair məlumatlar var.
Müstəqil ekspertlərin dəyərləndirmələrinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi həkim kadrlarına ciddi ehtiyac olduğu, hərbi həkimlərin ehtiyatdan il yarım müddətinə orduya xidmətə çağırıldığı bir dövrdə Hərbi Tibb Fakültəsində təhsil alan kursantların qanunsuz olaraq tərxis olunmasına şərait yaradılması böyük cinayət hadisəsidir və bu oyunda iştirak edənlər layiq olduqları cəzanı almalıdırlar.
Bu məlumatlara münasibət almaq üçün milaz.info Müdafiə Nazirliyi mətbuat xidmətinin nömrələrinə zəng edildiyini, amma dəstəyin qaldırılmadığını təəəssüf hissi ilə qeyd edib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00